Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Quşçu kənd sakini, əvvəllər məhkum edilmiş Anar Orucov saxlanılaraq şöbəyə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman 26 qramdan çox qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Orucova məxsus fərdi evə baxış keçirilib və həyətyanı sahədən sellofan torbada 1 kiloqram 10 qram marixuana aşkarlanıb.
Digər bir əməliyyat-axtarış tədbiri nəticəsində həmin kəndin sakini Elçin Əmrahovdan da 20,5 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.