Ölkəmizdə yaradılmış azad bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə qarşı mübarizə istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, əməliyyat nəticəsində qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40 min ABŞ dollarını 69 min 900 manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.
Saxlanılan şəxsin 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı - 1 manat 74 qəpiyə satışa çıxardığı məlum olub.
Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olduğu müəyyən edilib. Ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyuta, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.
Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.