Qətlə yetirilən azərbaycanlı İDMANÇILAR - SİYAHI

Qətlə yetirilən azərbaycanlı İDMANÇILAR - SİYAHI
  • Hadisə / Maraqlı

  • Ötən gün 16 yaşlı idmançının özündən 4 yaş böyük şəxs tərəfindən bıçaqlanaraq öldürülməsi böyük rezonans yaratdı. Hər kəs bu xəbərə görə, böyük həyəcan və üzüntü keçirdi. Belə ki, “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarış zamanı gənc idmançı Tural Rüstəmovu Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində qətlə yetirib.

    Lakin analoji hadisələr daha əvvəllər də yaşanıb.

    Eyni talesizliyi yaşayan bir neçə idmançımız da qəfil ölümün hədəfinə tuş gəliblər. Bu gün yaşasaydılar bəlkə də ölkəmizi xarici ölkələrdəki yarışlarda layiqincə təmsil edə bilərdilər, amma əfsuslar olsun ki....

    1. 28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov Türkiyənin Çanakkale şəhərində öldürülüb. Hadisə bu 2022-ci ildə mayın 27-si Lapseki adlı bölgədə baş verib. Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə ilə bağlı mübahisə düşüb. Tərəflər daha sonradan barışmaq üçün kafedə görüşüblər. Bu zaman qruplar arasında yenidən dava düşüb və nəticədə İlkin Eminov bıçaqlanıb. Ağır halda xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, İlkin Eminov Lapsekidə işləyib və qaydasız döyüşlə məşğul olub.

    2. Nəsibov Bəxtiyar Əli oğlu 2021-ci il günorta saatlarında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən 22 yaşlı idmançı idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşayıb.

    Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    3. Çərkəz Əfrayıl oğlu Ələsgərov da amansızlıqla qətlə yetirilib. Belə ki, 28 yaşlı idmançı 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən idarə etdiyi avtomobildə öldürülüb. İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər.

    Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu qətlə yetirən şəxslər daha sonra maşınını götürərək qaçıblar.

    4. Kikboks üzrə dünya çempionu, tanınmış idmançı Zaur Yusifov isə güllələnərək qətlə yetirilib. Hadisə 14 mart 2022-ci ildə saat 23 radələrində Binəqədi rayonundakı “Qardaşlar” marketin içərisində baş verib. Və 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahdan açılan atəş nəticəsində öldürülüb. İlkin istintaqla Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovu öldürməkdə şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə öldürdüyü müəyyən edilib. Lakin qeyd edək ki, mərhum idmançının qətldə iştirakı sübuta yetirilmədiyinə görə ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılmışdı./bizim.media

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər