Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında xəsarət alanların durumu açıqlanıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:
"Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir"- TƏBİB-dən bildirilib.
22:25
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.