Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Leqal.az" apa-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı Kərəm Qarayev dindirilib.
Şahid deyib ki, qardaşının ailəsində söz-söhbətlər olsa da, uşaqlara görə ailəni dağıtmaq istəməyiblər. Şahid ifadəsində mərhum gəlinlərinin xalası qızının təhriki ilə feministlərin qurduğu təşkilata qoşulduğunu da qeyd edib.
Proses aprelin 5-də davam etdiriləcək.
Xatırladaq ki, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.