İki ölkə mediaçıları üçün önəmli Bəyannamə

İki ölkə mediaçıları üçün önəmli Bəyannamə
  • Cəmiyyət

  • 15 iyun Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra Türk dünyasının qədim mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa şəhərində tarixi Bəyannamə imzalandı.

    Böyük Qələbədən sonra Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən işğaldan azad edilmiş ərazidə bu Sazişin imzalanması dünyaya ciddi bir mesaj, tarixi zəfərdir.

    Etiraf edək ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu. İki güclü dövlət rəhbəri tərəfindən qəbul edilən bu tarixi sənəd milli-mənəvi mənafeyimizə xidmət etməklə, qardaş ölkələr arasındakı əlaqələrin genişlənməsinə, münasibətlərin daha da möhkəmlənməsinə əminliyimizi artırdı.

    Siyasi, iqtisadi, mədəni, hərbi, milli təhlükəsizlik, media, diaspora sahəsində birgə əməkdaşlıqdan bəhs edilən Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əbədi birliyini, regionda sülh və əməkdaşlığı, eləcə də təhlükəsizliyi özündə ehtiva edir.

    İki liderin strateji baxış bucağı kimi xarakterizə olunan Bəyannamənin media sahəsini də əhatə etməsi türk həmkarlarımız kimi bizim üçün də sevindirici və əlamətdar hadisəsdir. Sənədə əsasən, bu sahə üzrə ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün əlverişli zəmin formalaşıb: “Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.”

    44 günlük Vətən müharibəsində Türk xalqından tutmuş dövlət orqanlarına qədər hər kəs Azərbaycana dəstəyini göstərdi. Həmin dönəmdə, beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdan ötrü bizə Türkiyə qədər dəstək olan ölkə olmadı. Hər zamankı kimi o çətin günlərdə də yanımızda oldular. Qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu reallığı heç kəs dana bilməz.

    Əminik ki, Bəyannamədə media ilə bağlı əksini tapan müvafiq bənd bundan sonra da media əlaqələrimizin daha dərindən və əhatəli inkişafına mühüm töhfə verəcək.

    Mətbuat nümayəndəsi kimi ümidvaram ki, hər iki dövlətin media mənsubları bu tarixi sənəddəki müddəalara daha dəqiq yanaşma sərgiləyəcəklər.

    Müəllif: Akif AĞAYEV,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    PAYLAŞ:

    Oxşar xəbərlər