Masallıda şəhid haqqında çəkilmiş filmin

Masallıda şəhid haqqında çəkilmiş filmin
  • Cəmiyyət

  • "Arzuma çatdım..."

    İyunun 8-də Masallı rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Famil Əlizadənin xatirəsinə ithaf olunmuş "Arzuma çatdım..." adlı sənədli filminin təqdimatı olub.

    Pandemiya qaydaları gözlənilməklə keçirilən təqdimat mərasimində Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhidin ailə üzvləri və KİV nümayəndələri iştirak edib.

    Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    "Nur" studiyası (yaradıcı heyət: Faiq Mirzə, Elsevər Əliyev) və Masallı Regional Mədəniyyət İdarəsi N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan filmdə Famil Əlizadənin həyatı və şərəfli döyüş yolu barədə yaxınları, ziyalılar və doğulduğu Ərkivan qəsəbə sakinlərinin xatirələri yer alıb. Eləcə də filmdə canlandırılan hər bir epizod Familin hünər və şücaəti barədə tamaşaçıda aydın təsəvvür yaradır.

    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, şəhidin atası Habil Rəhimov film haqqında xoş fikir və təəssüratlarını, eləcə də filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

    Məlumat üçün bildirək ki, Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.

    Famil Əlizadə Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri F.Əlizadə Füzuli rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Subay idi. 2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra «Vətən uğrunda» və ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Müəllif: Akif Ağayev

    PAYLAŞ:

    Oxşar xəbərlər