Ermənilərin Qubadlıda qətlə yetirdiyi Oleq Babakın Ukraynada xatirəsi anılıb

Ermənilərin Qubadlıda qətlə yetirdiyi Oleq Babakın Ukraynada xatirəsi anılıb
  • Cəmiyyət

  • Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Poltava vilayətinin Viktoriya kəndində sonuncu Sovet İttifaqı Qəhrəmanı, I Qarabağ müharibəsində erməni terrorçularına qarşı vuruşaraq həlak olmuş Oleq Babakın xatirəsi anılıb.

    LEQAL.AZ xəbər verir ki, “report”un Şərqi Avropa bürosunun məlumatına görə, mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, səfirliyin diplomatları, hərbi attaşesi polkovnik İlqar Ağayev, O.Babakın atası Yakob Babak və anası Nadejda Babak, yaxınları, yerli sakinlər, Poltava vilayəti Priyatin rayon rəsmiləri, Poltava Şəhər Administrasiyasının rəsmiləri iştirak ediblər.

    Səfir E.Axundova, səfirliyin diplomatları, hərbi attaşe aparatının əməkdaşları əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar.


    Qeyd ediblər ki, O.Babakın xatirəsi həmişə Azərbaycan xalqı tərəfindən əziz tutulur, yad edilir. Səfir O.Babakın valideynlərinin qayğısı ilə maraqlanıb və onlara səfirliyin hədiyyələrini təqdim edib.

    Tədbir iştirakçıları O.Babakın qəbrini ziyarət edib, məzarı başında nitq söyləyiblər.

    Səfir E.Axundova O.Babakın Azərbaycanın Qubadlı rayonunda, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdən birində adının əbədiləşdirilməsi ilə bağlı lazımı tədbirin görüləcəyini, bu barədə iş aparılacağını bildirib.

    Səfir O.Babakın vaxtı ilə mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan danışaraq bildirib ki, o, yerli kənd camaatı ilə birgə, təxminən, 70 erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyib və son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.


    E.Axundova vurğulayıb ki, artıq O.Babakın ruhu da şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğalda olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib.

    Sonra səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev, Priyatin şəhər meri Andrey Simonov, ikinci katib Samir Allahverdiyev və digərləri çıxışlarında onun hərbi xidmətdə olarkən göstərdiyi şücaətlərdən danışıblar. Bildiriblər ki, bu gün Azərbaycan xalqı O.Babakın göstərdiyi qəhrəmanlığı unutmayıb.

    Daha sonra tədbir iştirakçıları O.Babakın təhsil aldığı orta məktəbə gələrək muzeylə tanış olublar.

    Qeyd edək ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətində anadan olub. SSRİ xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra mülki şəxsləri qoruyub.

    PAYLAŞ:

    Oxşar xəbərlər