"Azərbaycan mətbuatı regionda istər peşəkarlıq, istərsə də, maddi-texniki maddi baza baxımından həmişə öndə olub, elə bu gün də öndədir".
LEQAL.AZ xəbər verir ki, bunu “report”a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov 3 may - Beynəlxalq Söz və Mətbuat Azadlığı günü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, xarici KİV-lər regionla bağlı məlumatlar əldə edərkən çox hallarda Azərbaycan mediasına da istinad edirlər ki, bu peşəkarlığın təsdiqi nümunəsidir:
“Azərbaycan mediasının xəbərlərini əsas xəbər kimi özlərinə məxsus KİV-lərdə oxucularına çatdırırlar. Bu da medianın nə dərəcədə peşəkar olması ilə bağlıdır. Azad Azərbaycan mediası yeni islahatlarla üz-üzədir. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması, qanunvericilik bazasının təkminləşdirilməsi, medianın maddi baxımdan səmərəliliyinin artırılması, eyni zamanda informasiya mənbələrinə çıxışın daha da sadələşdirilməsi kimi istiqamətlərdədir. Bütün bunlar Azərbaycan mediasını daha da güclü edəcək".
"Bəzi nüanslara da toxunmaq istəyirəm. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar müəyyən reytinq cədvəlini təşkil edərkən, dünyada söz və mətbuat azadlığı indeksini hazırlayarkən nədənsə Azərbaycanın adı həmin cədvəlin sonlarında yer alır. Ancaq həmin cədvəllərə baxanda söz azadlığından söhbət gedə bilməyən Asiyanın Afrikanın, Cənubi Amerikanın elə ölkələri var ki, Azərbaycandan dəfələrlə öndə yer alır. Bütün bunların hamısı Azərbaycana qarşı əvvəlki qərəzin yenə də qalması ilə bağlı olduğunu deyə bilərəm. Son zamanlar ölkəmizin 44 günlük Vətən müharibəsindəki qələbəsini gözü götürməyən istəy ayrı-ayrı dövlətlər, istərsə də təşkilatların həmin reytinq cədvəllərinin hazırlanmasında, Azərbaycanın adının aşağı sıralarda göstərilməsində rolu var”, - sədr bildirib.
LEQAL.AZ