Qəşəm Hamil oğlu Hadıyev Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Qeyd etmək istəyirik ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayon Şərəfə kəndində anadan olub. 1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində orta təıhsil almış, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakultəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2001-2003-cü illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 2007-ci ildə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında təlimatçı kimi başlamışdır. Sonra qısa müddətə Masallı Telekommunikasiya Qovşağında Texniki şöbənin rəisi kimi işləmiş və yenidən 2014-cü ilədək Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında Aparat rəhbəri vəzifəsində çalışmışdır. 2014-cü ildən Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamələrtində gedən döyüşlərdə sücaətlə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş və baş leytenatn hərbi rütbəsi verilmişdir.
LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, Qəşəm Hamil oğlu Hadıyev Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 15.02.2021-ci il tarixli Əmri ilə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Ailəlidir. 3 övladı var.