Şəhid Rahib Babayevin həyat yoldaşı: Vaxt gələcək övladlarım böyüyəcək, öz ataları ilə qürur duyacaqlar - FOTOLAR

Şəhid Rahib Babayevin həyat yoldaşı: Vaxt gələcək övladlarım böyüyəcək, öz ataları ilə qürur duyacaqlar - FOTOLAR
  • Cəmiyyət

  • İllərdir qor bağlayan yaramız olan Qarabağ münaqişəsi ordumuzun uğurlu əməliyyatları nəticəsində ölkəmizin qələbəsi ilə yekunlaşdı. Silahı dosta qürur, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Qələbə gününü yaşatdı. Qəhrəman oğullarımız öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdilər.

    LEQAL.AZ bildirir ki, Naxçıvanın nər igidləri də 44 günlük Vətən müharibəsində zəfər dastanı yazıblar. Onlardan biri də Şahbuz rayonunun Külüs kəndində dünyaya gələn şəhid mayor Rahib Babayevdir.

    Hərbi liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2006-cı ildə uğurla başa vuran Rahib Babayev xidmətinin ilk beş ilini Sumqayıtda, sonra Şəmkirdə və Murovdağda davam etdirib, növbəti səkkiz ilini isə Murov zirvəsində keçirib. Qəlbi Vətən eşqi ilə döyünən Rahib də illərdir ürəyində intiqam hissi bəsləyib, düşmənə layiqli cavab verməyə can atıb, torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyib. Əks-hücum əmrinin gəldiyi gün o da digər igidlər kimi döyüşə, qələbəyə köklənib. Öz taboru ilə əks-hücum əmrini yerinə yetirən komandir düşmənin bir neçə postunu dağıdıb. Üç gün müdafiədə dayanan tabor düşmənə aid bir sıra texnikanı və canlı qüvvəni məhv edib. Rahib iki dəfə yaralanmasına baxmayaraq, döyüş mövqeyini tərk etməyib. Yaralanan əsgərlərini ölümdən xilas edib, özü isə sentyabrın 30-da, növbəti hücumda şəhidlik zirvəsinə ucalıb. Ondan yadigar qalan isə üç övladı və qəhrəman zabit kimi nümunəvi həyatıdır.

    Rahib Babayevin həyat yoldaşı Aygün xanım deyir ki, o, xidmətinin çoxunu keçilməz dağ zirvələrində etdiyi üçün evə çox gec-gec gəlirdi. Rahib üçün Vətənə xidmət hər amalın ən alisi idi. Vaxt gələcək övladlarım böyüyəcək, onlar öz ataları ilə qürur duyacaqlar.


    “Rahibin Sumqayıtda və Şəmkirdə xidmət etdiyi vaxtlarda komandiri general Polad Həşimov olub. Generalın şəhid olması Rahibi elə təsirləndirmişdi ki, o, hər gün qisas almağı arzulayırdı”, – deyən Aygün xanım vurğulayır ki, Rahib və onun kimi qəhrəman Vətən övladları qisası qiyamətə qoymadılar. Vətən yolunda dünyanın ən şirin neməti olan canlarından da keçdilər. Çünki həmin igidlərimiz Vətəni müqəddəs bilir, onu hər şeydən çox sevirdilər.


    Şəhidimizin həyat yoldaşı deyir: “Rahibin ən böyük arzusu Murovu aşıb Kəlbəcərə getmək idi. Bu gün onun arzusu reallığı çevrilib. Təkcə Kəlbəcər yox, Şuşa, Laçın, bütöv Qarabağ azadlığa qovuşub. Onlar illərdir, düşmən tapdağında qalan yurdlarımıza öz canları ilə can verdilər.


    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yanmasının 90, 95 və 100 ilik yubiley medalları, qüsursuz xidmətə görə ikinci və üçüncü dərəcəli medallara sahib olan mayor Rahib Babayev Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Azərbaycan Bayrağı” ordeni və “Vətənə xidmətə görə” medalı ilə də təltif edilib.

    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər