27 illik köçkünlük dövründə bir gün də olsun doğma yurdumuzu yadımızdan çıxarmadıq, Füzuli rayonuna qayıdacağımız günü səbirsizliklə gözlədik. İndi ən böyük istəyimizə çatmışıq - ata-baba yurdumuz işğaldan azad olunub. Tezliklə uzun illərdir həsrətində olduğumuz Füzuli şəhərinə qayıdacağıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Füzuli şəhərindən məcburi köçkün Aydın Fərəcov deyib. Bildirib ki, 27 il keçsə də doğma yurda qayıtmaq inamını itirməyib: "Ötən dövr ərzində bir neçə yerdə məskunlaşmış, çox çətinliklər çəkmişik. Son illərdə dövlətimiz tərəfindən Ağcabədidə gözəl mənzillə təmin olunmuşuq. Pis günümüzdə də, yaxşı günümüzdə də daim yurd həsrəti ilə yaşamış, Vətənimizə dönəcəyimizə inamımızı itirməmişik. Şükürlər olsun, 27 ildən sonra Prezidentimiz bizə həyatımızın ən böyük sevincini yaşatdı. Televizorda Füzulinin azad olunması xəbərini eşitdiyim anın hisslərini sözlə ifadə etmək mümkün deyil. Qohumlar, qonşular zəng edib təbrik etməyə başladılar. Qardaşım zəng edəndə isə hər ikimiz telefonda ağladıq. Bizə bu sevinci bəxş etdiyi üçün Prezidentimizə minnətdarlığımı bildirirəm. İndi övladlarımla, nəvələrimlə yurdumuza qayıdacağımız günü gözləyirik".
Zabilə Fərəcova isə Füzuli şəhərindəki evlərinə qayıtdıqdan sonra görəcəyi işlərin planını qurur: "Köçkünlük illərində çox çətin günlər yaşamışıq, çox əziyyət çəkmişik. Bu gün isə ən fərəhli, ən sevincli günlərimizdir. Çünki torpaqlarımız işğaldan azad olunub. İndi səbirsizliklə gözləyirəm ki, öz həyətimizdə bağ-bağça salım, gül-çiçək əkim. Nəvələrimiz orda məktəbə getsin, onların xeyir işlərini görək. Sağ olsun Prezidentimiz, ömrümüzün ahıl çağında bizə bu sevinci yaşatdı. İnanıram ki, tezliklə Füzuli, Cəbrayıl, Zəngilan kimi digər torpaqlarımız da işğaldan azad olunacaq və bütün məcburi köçkünlər bizim kimi sevinəcəklər".