RAHAT UYU, ŞƏHİDİM,QİSASIN ALINDI
Haqq qalib gəldi, torpaqlarımıza uzanan xain əllər kəsildi. 28 illik sıxıntılarımıza son qoyuldu. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qorxmadan düşmən üzərinə şığıyan igid əsgərlərimizin əzmkarlığı, fədakarlığı ilə qazanılan Böyük Qələbədə Famil Əlizadənin də payı var. Onun da adı Azərbaycanın, Qarabağın salnaməsinə yeni tarix yazanlar sırasındadır.
Könüllü şəhid əsgər Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini peşə liseyində davam etdirib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Ötən ilin yanvarında ordudan tərxis olunub.
İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksələn igid əsgərimiz son nəfəsində gülərək “arzuma çatdım” deyib.
Şəhid əsgər Famil Əlizadə subay idi. Ailədə bir bacı, iki qardaş olublar.
Məlumat üçün bildirək ki, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatları zamanı şəhid olan könüllü əsgər Əlizadə Famil Habil oğlu oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığındatorpağa tapşırılıb.
Bu gün, noyabrın 30-da, şəhidin vəfatının 40-cı günündə Vətənimizin, Masallının igid oğlunun xatirəsibir daha ehtiramla yad edilir.
Bütöv Azərbaycana, doğma yurda, ailəsinə başucalığı gətirən Famil kimi qəhrəman Vətən övladları cismən bizləri tərk etsələr də ruhən yaşayırlar.
Tərəddüd etmədən doğma Azərbaycan uğrunda canını fəda edən oğullarımız bir daha sübuta yetirdilər ki, Vətən borcunu ödəmək ən böyük amalımızdır.
Başını dik saxla, Habil! Şəhid atası olmaq əsgər olmaqdan da qürurludur.
Başını dik saxla, şəhid atası! Əcdadları kimi mərd, igid oğlun düşmənlərin bağrını yardı, qəhrəmanlıq tarixi yazdı. Familin və digər əsgərlərimizin qanı yerdə qalmadı, düşmənə layiqli cavab verildi. Müqəddəs bayrağımızın Şuşada və digər xilas olmuş ərazilərimizdə dalğalandığı gündən şəhidlərimizin ruhu şaddır.
Akif AĞAYEV.