Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir.
Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezidentimiz İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə kimin kim olduğunu göstərdi. Belə ki, Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə otuz illik işğala son qoyuldu. Heç şübhəsiz ki, aylar, illər ötəcək, ancaq Azərbaycanın Vətən müharibəsində gösərdiyi cəsarət və vətənpərvərlik unudulmayacaq. Bununla bağlı, kitablar, dərsliklər yazılacaq, müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.
Əsəd Əsədli,
Masallı Dövlət Regional Kollecinin müəllimi