1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin – müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bu dövlətçiliyimizə qızıl hərflərlə yazılmış Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü idi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet məhz həmin Bəyannaməyə əsaslanaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu. Noyabrın 26-da Ali Sovet Milli Şura haqqında qanuna yenidən baxdı və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri dəyişdirdi. Paritet əsasda 25 nəfər “demblok” nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı. Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Ü.Hacıbəyov, sözləri Ə.Cavad), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət gerbini təsdiq etdi. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı.
Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 32 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir ki, 30 il ərazində itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın başçılığı ilə işğaldan azad edildi. Bu tarixi qələbənin nəticəsidir ki, məhz bundan sonra Azərbaycan xalqı olaraq 18 oktyabr – Müstəqilliyin bərpası gününü qürurla qeyd edəcəyik. Biz artıq bütün dünyaya müstəqil dövlət olduğumuzu sübut etmişik. Müstəqilliyimiz dönməzdir, əbədidir!
Əliyev Araz,
Masallı rayonu Qəriblər kənd tam orta məktəb