Azərbaycan və Özbəkistan əlaqələri yeni mərhələdə

Azərbaycan və Özbəkistan əlaqələri yeni mərhələdə
  • Cəmiyyət

  • İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.
             
    Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.Həmin səfər zamanı dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi.  Avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi.
                   
    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana gözlənilən dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni bir səhifə oldu desək yanılmarıq.Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri ilə dolu oldu. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələrin aparılması, bir sıra mühüm sənədlərin imzalanması həyata keçirildi.
             
    Prezident ilham Əliyevin 22 avqust tarixində Özbəkistan Pespublikasının Prezidenti  Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi:”Bu gün biz aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektrini müzakirə etdik. Təkcə onu deyə bilərəm ki, bizim bu gün ünsiyyətimiz üç saatdan çox çəkdi. İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.”



    Dilgüşə Məmmədova,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi

    PAYLAŞ:

    Oxşar xəbərlər