Əlahiddə Çevik Polis Alayı Polisin Peşə Bayramını Ortya Qoyduğu Yüksək Peşəkarlıq Nümunələri Ilə Qarşılayır

Əlahiddə Çevik Polis Alayı Polisin Peşə Bayramını Ortya Qoyduğu Yüksək Peşəkarlıq Nümunələri Ilə Qarşılayır
  • Cəmiyyət

  • Ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndirilməsində, ictimai asayişin etibarlı qorunmasında, görülən işlərdə əldə edilən müsbət nəticələrdə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi vardır. Son illər cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsi xeyli artıb. ÇPA qanunla qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrilib, respublikamızda, onun paytaxtında ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində önəmli rol oynayır. Bunun nəticəsi olaraq keçirilmiş bir çox beynəlxalq və yerli əhəmiyyətli tədbirlər zamanı ictimai asayiş yüksək səviyyədə qorunub, görülən işlərdə, qazanılan uğurlarda Əlahiddə Çevik Polis Alayının da böyük əməyi olub.

    Əlahiddə Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsidir. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadınlar polislər də xidmətə başlayıb. 2023-cü ildən etibarən Alay komandiri, Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunmuş polis general mayoru Ramil Piriyevdir.

    Mühüm funksiyalar həyata keçirməsi, xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi nəzərə alınaraq Azərbaycan Prezidentinin 2015-ci il dekabrın 30-da imzaladığı fərman və sərəncamla Alay əlahiddə nizami polis hissəsi statusunda müəyyən olunub. DİN rəhbərliyi tərəfindən həmin qurumun yeni Əsasnaməsi təsdiq edilib.

    2023-cü ilin birinci yarısında Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın inzibati ərazilərində cinayətlərin dinamikasında və strukturunda müsbət təmayüllər qeydə alınıb, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif cinayətlər törətmiş, inzibati xətalara yol vermiş şəxslər saxlanılaraq rayon polis idarələrinin aidiyyəti polis bölmələrinə təhvil verilib, barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

    Daxili işlər orqanları üzrə təşkil olunan idman yarışlarında qazanılan uğurlar davam etdirilib. Belə ki, xidməti idman tədbirlərinin təqvim planına əsasən keçirilən yarışlarda Alayın komandası fərqlənib. Ayrı-ayrı əməkdaşlar beynəlxalq yarışlarda nailiyyətlər qazanıblar.

    Alayın əməkdaşlarının vətənpərvərlik ruhunda tərbiyə olunması və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər də davamlı olub, gənc əməkdaşların xidmətdə möhkəmlənməsi, praktiki iş vərdişlərinə tam yiyələnmələri üçün lazımi şərait yaradılıb. Qeyd edək ki, bu gün Alayın zabit heyətinin 90 faizi ali hüquq təhsillidir.

    Alay üzrə ümumən xalqa xidmət funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquq və azadlıqlarına ciddi riayət olunması, əməkdaşlara diqqət və qayğı göstərilməsi, peşə və döyüş hazırlığı səviyyəsinin durmadan yüksəldilməsi kimi qarşıda duran vəzifələrin uğurlu həlli üçün lazımi tədbirlər görülməkdədir.

    Alay rəhbərliyi əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirir, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edir.

    Bakıda ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzindədir. İctimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilir, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıqdır, şəxsi heyətin peşə hazırlığı daha da artırılır. Əməkdaşlar qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilir, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edirlər.

    Əlahiddə Çevik Polis Alayının nümunəvi bölüklərindən biri də paytaxtın Nizami rayonu ərazisində xidmət aparan 5-ci bölüyün əməkdaşlarıdır. O bölük ki, onlar həmişə rəhbərliyin tapşırıqlarına məsuliyyətlə yanaşır, dövlətə və dövlətçiliyə yüksək səviyyədə xidmət edir. Dəfələrlə Nizami rayonu ərazisində olarkən 5-ci bölüyün əməkdaşlarının öz vəzifə borclarına necə vicdanla yanaşdıqlarının şahidi olmuşuq.

    Əlahiddə Çevik Polis Alayının 5-ci bölüyünün komandiri, polis polkovnik-leytenantı Anar Allahverdiyev gəncdir, amma buna baxmayaraq, peşəkarlığı, dövlətə, prezidentə sədaqəti ilə seçilir. Üstəlik də Anar Allahverdiyev həm də məsuliyyətli bir polis zabitidir, yəni onlara rəhbərlik tərəfindən verilən tapşırıqları bölüklə bir yerdə yüksək səviyyədə yerinə yetirirlər. Rayon ərazisində ictimai asayişin qorunmasında və cinaytəkarlığa qarşı mübarizədə bölük əməkdaşlarının çox böyük zəhməti və əməyi vardır.

    Başda cənab Ramil Piriyev olmaqla, Əlahiddə Çevik Polis Alayının şəxsi heyətini 2 İyul – Polis İşçisi Günü münasibətilə təbrik edirik. Əmin olmağa dəyər ki, ÇPA-nın əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

    Ramil Piriyev polis general mayoru.

    Anar Allahverdiyev polis polkovnik leytenantı.

    Müəllif: Tural Kəlbəcərli 102info.az baş redaktor. “Qızıl qələm” ali mükafatı laureatı. Azərbaycan jurnalistlər birliyinin üzvü.
    PAYLAŞ:

    Oxşar xəbərlər