120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatı dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan Azərbaycan bütün bu müddət ərzində Təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı.
Azərbaycanın Qoşulmama Hərəkatına Sədrlik etməyə başlaması dünyanı COVİD-19 pandemiyasının bürüdüyü cətin vaxtlara təsadüf etmişdi. Həmin dövrdə ölkəmiz pandemiya ilə mübarizədə digər dünya ölkələrinə öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirildi
2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada ən öndə gedən ölkələrdəndir. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində indiyədək 80-dən çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Qeyd edək ki, bu məbləğin yarısı məhz Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuşdu.
Cari ilin mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Tədbirdə sədirlik edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirdi ki:” Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.””2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq.”
Möhtərəm Prezidentimiz bildirdi ki,son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.
Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Həmçinin dövlətimizin başçısı Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizə verdikləri siyasi-mənəvi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini bir də tədbirdə vurğuladı.Çıxışın sonunda Cənab Prezident İlham Əliyev qeyd etdi ki,” fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm.”
Dilgüşə Məmmədova,
Masallı Tarix-Diyarşünaslq Muzeyinin elmi işçisi