Azərbaycan Demokratik Cümhuriyyətinin banisi, rəisi-hökumət Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət məclisi milliyəsinin üzvlərinə dərin ehtiramla.
Əfəndilər, öncə hüzurunuza çıqıb da cəsarət etdigimdən kəndimi məzur buyurmağınızı rica ediyorum. Fəqət, şuan bunu kəndimə bir borc olaraq görməkdəyəm.
Əfəndilər, sizdən 70 il sonra uğurunda həyatınızı verdiyiniz, müşkül amma müşküllüyü ilə bərabər şərəfli işiniz olan Cümhuriyyət axırı ki quruldu. Sizin təhti sədarətinizdə Cümhuriyyəti qurmaqda sizə mane olan təcavüzkar ermənilər müqəddəs cümhuriyyətimizi yenidən süqut etdirməyə səy göstərsələr də tökülən qanlar bahasına üç rəngli bayrağı qaldırmağa müyəssər olduq. Böylə olduğu təqdirdə şu an məmləkətimiz birər müstəqildir. Məmləkətimizə demoqrasinin ricəti ilə üç rəngli, yıldızlı hilal şu an ən çox sevdiyi ucalıqda dalğalanmaqdadır.
Fəqət, məmləkətin topraqlarının yüz də iyirmisi murdarların işğalına məruz qaldı. Şimaldan və xaricdən dəxi yallanan, Mavərayi-Qafqazı büsbütün sarmış xərçəng misali ermənilərlə dərəceyi imkanə qədər mübarizə aparan vətən oğulları şəhid oldu, bir milyondan artıq göçkün vətənlərindən didərgin düşdülər.
Əvət Əfəndilər, əminliklə deyə bilərik ki, Rusiya inqilabı zühur etdikdən sonra sovetlər 70 sənə burasını əldə bulundurduğunu kəndiniz daha iyi bildiyinizdən bu məzkur mövzunu təkrar yazmağa lüzum görmürəm.
Bundan məadə sovet imperiyasının hakimiyyəti dönəmində bizim üçün qoyub getdiyiniz tarixi irsi haqqı ilə öyrənmədiyimizdən, erməniləri süfrəmizin başında oturtduq və nəticədə kəndi süfrə başında oturtduğumuz “qonaqımız” 1988-ci ilin sənəyi miladisində evimizin içinə təcavüz etdi. Qarabağda onların da bizimlə birlikdə bilafərq müsavi bir vətən yapmaya şərait tərtib etməyi təklif etsək də, fəqət bununla razılaşmayıb türkləri kəndi topraqlarından xaric etməyə nail oldular. Kəndi topraqlarımıza yalnız mənən hakim olduq, maddətən hakimiyyət yabançıların əlinə geçdi. Şəhərləri, köyləri viran qoydular, məscidi-cameləri atəşə tutdular, came və mədrəsələri yıxdılar. Müsəlmanların qətliam edildikləri həqqində bir -birindən müdhiş hadisələri demirəm..
Şu an, bir bürkan halində daimi atəş surətində yanan vətən oğulları buna laqeyid qala bilməzdi. Qarabağ hər bir azərbaycanlı üçün bir ərzi-müqəddəsdir. Şimdi miladi iki bin iyirmi sənəsi. Azərbaycan ordusu kəndi qüvvəsinə, Ali Baş Kamandanına güvəniyor. Şanlı Azərbaycan ordusu kəndi topraqlarını işğaldan azad ediyor. Azərbaycanın müsəlləh əsgəri sənələrdir həsrət qaldığı topraqlara ricət ediyor.
Dünən 8 noyabr 2020 sənəsində müzəffər Azərbaycan ordusu Şuşanı azad etdi. 28 ill həbs edilmiş Şuşa bu gün kəndi hüriyyetinə qovuşdu. Bu münasibətlə Sizləri qutlayıram.
Ruhunuz şad olsun, rahat uyuyun.
Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!
(Sürəkli alqışlar)
Buluşmaq ümidi ilə
Dərin sayqı və ehtiramla Əli Rzazadə