AMEA-nın yeni Nizamnaməsinin layihəsi müzakirə olunub

AMEA-nın yeni Nizamnaməsinin layihəsi müzakirə olunub
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnamə Komissiyasının 
    iclasında yeni hazırlanmış Nizamnamə layihəsinin müzakirəsi keçirilib.
    İclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, 
    akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
    “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin 
    təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 
    Fərmanının icrası ilə əlaqədar olaraq hazırlanmış Akademiyanın yeni 
    Nizamnaməsinin layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, yeni 
    Nizamnamə layihəsi Prezident Fərmanı əsasında Akademiyanın işinin və elmi 
    fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin 
    tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən 
    elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə 
    və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili 
    və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı 
    əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 
    maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın 
    strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət 
    Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-
    xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya 
    seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə 
    Akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid 
    müddəalar da özünə yer alıb.

    AMEA-nın yeni Nizamnamə layihəsinin müzkirəsində Nizamnamə 
    Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, 
    müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq 
    elmləri doktoru Habil Qurbanov, hüquq elmləri doktoru Nazim Cəfərov, biologiya 
    elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri 
    Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.

    AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa 
    Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri 
    yekunlaşdırıb.

    İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni 
    Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün 
    Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

    AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə 
    edildikdən sonra Akademiyanın Ümumi yığıncağına təqdim olunacaqdır.
    Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın 
    vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən 
    sonra qüvvəyə minir.
    PAYLAŞ:

    Oxşar xəbərlər