Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub REPORTAJ

Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub REPORTAJ
  • Cəmiyyət

  • Ermənistan silahlı qüvvələri noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arasbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir.

    Kənd sakini Orxan Şükürov bildirib ki, təkcə bu gün kəndin ərazisinə 40-dan artıq mərmi düşüb. Nəticədə üç evə ziyan dəyib, bir evin hasarı uçub. Kəndin mütəmadi olaraq atəşə tutulmasına, çoxsaylı dağıntılara baxmayaraq sakinlərin əhval-ruhiyyəsi yüksəkdir. Hər kəs Ordumuza güvənir, qələbənin yaxında olduğuna inanır.

    Kənddə olarkən eşidilən partlayış səsi tərəfə yollandıq. Kənd sakini Arzuman Qasımov yonca sahəsini göstərib dedi: "Baxın, elə indicə mərmilərdən biri bura düşərək partladı. Düşmən hər gün kəndi atəşə tutur. Lakin biz kəndimizi tərk etmirik. Ordumuza, Prezidentimizə güvənirik".

    A.Qasımovla təzəcə söhbəti bitirib qayıdırdıq ki, mərmilərdən biri də jurnalistlərin yaxınlığına düşərək partladı. Xoşbəxtlikdən xəsarət alan olmadı.

    Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən, ağrı-acı yaşayan yaşayış məntəqələrindən biridir. Təmas xəttinə yaxın məsafədə yerləşən bu kəndi 1993-cü və 1994-cü illərdə Ermənistan silahlı birləşmələri iki dəfə işğal etsə də, Azərbaycan Ordusu tərəfindən azad olunub. Kəndi tərk etməyə məcbur qalan ermənilər evləri yandıraraq, hər tərəfə mina basdırıblar. Öz doğma yurdlarına qayıdan kənd sakinləri ötən dövr ərzində həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsi tez-tez pozmasından əziyyət çəkirlər.

    Yuxarı Qiyaməddinli kəndi sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün artilleriya atəşinə tutulur. İndiyədək kənddə 12 ev tamamilə dağılıb, 60-dan artıq evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 300 baş ev quşları tələf olub, 1000 ədəd ot bağlaması yanıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər