Salam, hörmətli, kulis! Bu günlərdə mən çox acı anlar yaşadım. Dostum Abbasov İlkin şəhid oldu. Onun da ürəyindən keçən son sözlərini şeirə çevib Sizə göndərirəm . Xahiş edirəm, bu şeiri onun şəkli ilə paylaşın.
Hörmətlə, Eşqin Məmmədov
Bəlkə mənə tanrı rəva bilmədi,
Dərəmmədim bu gülləri, bir daha.
Bu şeirin başqa cürdür qisməti
Ovundurar könülləri, bir daha.
Həyat bir iblisdir, işi xatalı,
Ömrüm ötür tufanlarda bəlalı
Doğmalarla, həm atalı, analı
Çətin tapam o günləri, bir daha.
Hələ deyilməmiş neçə sözüm var
Bir övlad axtaran qəmli gözüm var
Hər daşda, cığırda, mənim izim var
Ruhum gəzər o çölləri bir daha .
Yağışda, günəşdə çürüyür budaq
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq
Yaşayarmı fəsilləri, bir daha?!
Borcun ödənməzi, Ana, bağışla!
İndi xatirəyəm bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da,
Tutarammı o əlləri, bir daha?!