Bir şəhid anasının xatirəsi...

Bir şəhid anasının  xatirəsi...
  • Cəmiyyət

  • Şəhidimiz Tural  Rəhimlinin anası, Süsən xanım Məmmədovanın  oğlu haqda danışdıqlarından bir hissə:

    -Tural ağlı kəsən gündən, vətənə bağlı idi. Hələ uşaq vaxtı deyirdi ki-"Böyüyəndə, Rusiyaya gedəcəm. Rusiya  vətəndaşlığı  alacam  ki, Ermənistana gedim.Oradan da  Laçına keçəcəm!." Deyirdi- "Başqa hansı yolla Laçını görə bilərəm? " O, Laçını çox görmək istəyirdi... Biz əslən Laçın rayonunun Korcabulaq kəndindənik.

    Tural sakit təbiətli idi. Heç kimin ondan narazılığı olmadı bu günə kimi. Nə məktəbdən, nə məhlədən ondan şikayət gəldi bizə. Nə də hərbidə qulluq edəndə onun haqqında heç bir şikayət eşitmədik. Tutal həmişə başımızı uca etdi...
    Bir ildir oğlumu görmürəm. Keçən il bu ay-doğum gününün səhəri, oktyabrın 28- də, onu təm-təraqla hərbi xidmətə yola saldıq. Özü də bayrağa bürünmüşdü. Elə bayraq sevgisi vardı ki, iki bayrağı vardı. Əsgər gedəndə, birini dostuna verib getdi. Onu yola salandan təxminən iki  saat sonra yorğun idim, yuxuladım.Yuxuda gördüm ki, müharibə başlayıb,Tural şəhid olub... Qəlbimin dərinliyində həmişə narahat idim balamdan... Nə deyim? Allaha üsyan etmirəm... Əsgərlərin  üç  aydan bir, hərbi postunu dəyişirlər deyə,Turala  demişdilər ki- "Yerini  dəyişirik, aşağı düşəcəksən".  Razı olmayıb, deyib ki-"Laçınlılar geri çəkilmir, əksinə irəli gedirlər!"...
    Coğrafiyanı yaxşı bildiyi üçün kəşfiyyatda xidmət edirmiş. Koordinatları hesablayırmış.
    Komandirləri mənə dedilər ki-"Halal olsun belə oğul böyütdüyünüzə görə!"...
    Mən isə deyirəm ki- "Mən etməmişəm bunu. Allah edib. Mən, Turalı belə yetişdirə bilməzdim."...
    Vətən sevgisi, Laçın sevgisi, onun qanında idi. Mənə  "anam" deyirdi. Özü də, üç dəfə təkrarlayırdı çağıranda:
    -"Anam, anam, anam!",- deyirdi. Heç incitmədi bizi. Heç əziyyət vermədi... Əsgərlikdən əvvəl, ofisiant işlıyirdi. Bir ara da, Sədərək ticarət mərkəzində satıcı işlədi. Özü özünü dolandırırdı və heç vaxt bizi xərcə salmaq istəmirdi... Hə. Bir ildir ki, əsgərlikdə idi. Bir dəfə də olsun, bizdən heç nə istəmədi. Sən demə, istəyirmiş. Dostlarına, qohumlara deyirmiş, mənə  qıymırmış.Məzuniyyətə gələcəkdi. Pandemiyaya-karantinə görə gələ bilmədi. Biz də onu görməyə gedə bilmədik.

    Bir də çox gözütox, nəfsibütöv idi Tural balam. Bəzən toylara, ad günlərinə  dəvət gələndə, məsləhət görürdük ki, atasının yerinə, bizim yerimizə, o getsin. Deyirdi-"Tural qarnını götürüb, yeməkdən ötəri, harasa  gedən oğul deyil!" Tural bir dəfə də olsun, mənlə yemək davası etməyib. Hazır yemək  olmayanda adicə pendir çörək yeyib ...
    Daha nə deyim? İndi məhllədə, onun adına bulaq salınıb. Artıq hazırdır, şəklini də vuracaqlar.
    Əsgərliyə gedəndə, mənə dedi ki- "Ana, mənimlə fəxr elə! Şəhidlik hər kəsə nəsib olmur!"...
    Uşaq vaxtı həmişə qələmləri əsgər kimi düzürdü, kağızlardan kiçik toplar düzəldirdi və  döyüş oyunu oynayırdı. İnşa yazısında  yazmışdı ki- "Biz Allahın köməkliyi ilə torpaqlarımızı alacağıq !"...
    Heç vaxt atasına kobudluq etməzdi. Atası nə qədər əsəbləşmiş olsa da, əsla ona cavab qaytarmazdı...
    Son dəfə, Turalla  andiçmə  mərasimində görüşdük. Sən demə, bu, bizim onunla son görüşümüz idi. Elə şirinləşmişdi ki... Üzündə bir  nur vardı, sevinirdi sanki... Komandirləri də deyirlər ki-"Bu yol onun öz istəyi idi. Özü seçdi bu yolu." Bəli, Tural  özü istədi, özü getdi "... Suqovuşana, ilk addım basan  əsgərlərdən olub Tural.  Beş nəfər idilər. Həmişə bir döyüşürdülər. Onlardan dördü şəhid oldu...
    Tural üçüncü sinifdə oxuyanda, bir bloknota yazmışdı ki- "Ana, mən heç vaxt səndən küsməyəcəm"... Bilmirəm niyə elə yazmışdı, amma mən özümü günahkar sayıram ki, gərək hər nəyim varsa satar, onu oxutdurardım. İstəyirdim o, ali təhsilli olsun. Bir şeyə təsəlli tapıram ki, Tural ali təhsilini döyüşdə aldı.Yəni  peşəkar döyüşçü olmaqla çoxlu erməni gavurlarını gəbərtdi… 
    Bircə  onun bu sözləri ilə təsəlli tapıram:-"Ana, mən səndən heç vaxt küsməyəcəm"... Turalın çoxlu şeirləri vardı, ana haqda. Məni lap çox istəyirdi. Ona heç vaxt qadağa qoymadım. Dostları ilə ürəyi istədiyi vaxt, istədiyi kimi əylənməyə, gəzməyə icazə vermişəm. Bununla özümə təsəlli tapıram. Hərbi xidmətə yola salarkən, qatara minməmişdən əvvəl, əl çəkmirdi. Dostlarından ayrılıb, tez-tez gəlib, boynuma sarılırdı. Qatarda olanda, əlini uzatdı."Qənimərdir" deyib, balamın əlini tutdum"...
    Əslində hər şeyim var imiş,  anlamamışam. Tural kimi oğlum varmış...
    Allaha asi çıxmıram. İki balam var. Allah canlarına dəyməsin. Allah bütün balaları qorusun! Allah verdi, Allah da  aldı. Məsləhətinə şükür! Bir şeyə təskinlik tapıram ki, oğlu Vətən yolunda, həmişə arzusunda olduğu Qarabağın yolunda şəhid oldu. Tezliklə Turalın çox görmək istədiyi Laçın da erməni gavurlarından alınacaq. Həmin vaxtı təsəllim daha çox olacaq. Mən inanıram ki, Laçın alınanda Turalın ruhu da orada olacaq.
    P. S. Tural  Gəray oglu Rəhimli, 2001-ci ildə Bakı şəhəri, Xırdalan qəsəbəsində dünyaya göz açmışdı.  Lacin rayonu adına, 45 saylı orta məktəbdə oxumuş, 2018-ci ilə kimi həmin məktəbin  məzunu olmuşdu.

    2019-cu ilin oktyabr ayının 28-i hərbi xidmətə çağırılmış, 2020-ci il, 27 sentyabr tarixində, Qarabağ uğrunda başlayan Böyük Vətən Müharibəsi döyüşlərdə qorxmadan, şücaətlə  vuruşaraq, 1 oktyabr günü, Suqovuşan ərazisində həlak olaraq,  şəhidlik zirvəsinə  ucalmışdır. Bir ananın oğlu haqda danışacağı ən müqəddəs xatirələri oxuduq , göz yaşı içində ən  qürurverici hisləri yaşadıq. Belə yüksək mənəviyyatlı bir insan, övlad yetişdirən torpaq, əsrlər boyu qəhrəmanlıq ocağı olacaq! Vətən sağ olsun! Şəhidlərimiz Allahın ən ali məqamında bərqərar olunmuşlardır. Onların  axan  qanları, anaların göz yaşları yerdə qalmayacaq! 


    Qələmə aldı,
    Fatimə Əli Hüseyn
    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər