Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradır. Onlar dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini bölüşürlər.
LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Hörmətli cənab Prezident!
Otuz ildir torpaqlarımız erməni faşistlərinin işğalı altındadır. Dünya mədəniyyətinə nadir incilər bəxş edən tarixi-memarlıq abidələrimiz erməni vandalları tərəfindən tar-mar edilib, təbii ehtiyatlarımız talan və istismar olunub, tarixi adlarımız erməni adları ilə əvəzlənib.
Sizin uğurlu siyasətiniz, güclü, polad hərbi-siyasi iradəniz, ərazi bütövlüyümüzün bərpası uğrunda gedən Vətən müharibəsinə bacarıqlı rəhbərliyiniz sayəsində günbəgün işğalçılardan azad edilir.
Sentyabrın 27-də ermənilər tərəfindən başlanan müharibədə Ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən terrora əl atır, dinc əhalini hədəfə alaraq, yaşayış məntəqələrimizi, şəhərlərimizi bomba və raket atəşinə tutur. Siz buna qarşılıq olaraq ümumbəşəri, sivil və beynəlxalq hüququn qaydalarına riayət etməklə düşmənlə döyüş meydanında müharibə aparırsınız. Müasir müharibə aparmaq taktikası, müasir silahlardan doğru-düzgün istifadə etmək təcrübəsi, düşmənin atəş nöqtələrini ani olaraq aşkarlayaraq sərrast atəşlə məhv etmək, az itki ilə düşmən üzərində qələbə çalmaq və s. taktikalarla Siz hərb elminə böyük yeniliklər gətirdiniz. Bunlara heyran qalmış dünya ölkələri bu gün bu taktikaları öyrənməyə çalışırlar.
Müzəffər Ali Baş Komandan!
Sizin komandanlığınız altında müzəffər, yenilməz Azərbaycan Ordusu döyüşlərdə böyük qəhrəmanlıq, şücaət göstərir, xalqımızın müasir şanlı tarixini yazır. Biz hər gün işğal altındakı torpaqlarımızın azad edilməsi xəbərini böyük sevinc və qürur hissi ilə qarşılayırıq. Bütün Azərbaycan xalqı fəxr edir ki, xalqımızın, dövlətimizin, müzəffər Ordumuzun başında belə möhkəm iradəli, müdrik rəhbərimiz, təcrübəli sərkərdəmiz, əvəzolunmaz Ali Baş Komandanımız var. İnanırıq ki, yaxın günlərdə üçrəngli Bayrağımız bütün işğaldan azad olunan torpaqlarda dalğalanacaq. Allah Sizə və Ordumuza yar olsun!
Eşq olsun Ali Baş Komandana!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Böyük hörmətlə,
Şükürov Əlihüseyn Məmmədhüseyn oğlu, jurnalist.
Yusubov Yavər Nüsrət oğlu, tarixçi, “Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyi”nin sədr müavini.
Azərbaycan Respublikası, Masallı rayonu.
Hörmətli cənab Prezident,
Əvvəla Sizin qətiyyətiniz və əzminiz qarşısında baş əyirəm. Sizə yazmaqda məqsədim minlərlə qadının düşüncələrini bir məktubda çatdırmaqdır.
Bir qadın hərbi qulluqçu kimi Sizə bildirmək istəyirəm ki, bu günlər haqq günüdür. İndiyədək yediyimiz, içdiyimiz, gəzdiyimiz və hətta geyindiyimiz bu formanın belə haqqını vermək günüdür.
Sizi sosial həyatda, ictimaiyyətdə tək qoymayan qadınlar, şəxsən mən müddətdən artıq xidmət edən qadın qulluqçu kimi səngərdə də Azərbaycan əsgərinin yanındayam.
Bir əmriniz yetər, düşmənə sübut edək ki, Azərbaycan qadınları heç də kişilərdən geri qalmır və hər an döyüşməyə, yeri gəlsə, Vətən yolunda canından belə keçməyə hazırdır.
Allah Sizi və Vətənimiz Azərbaycanı qorusun!
Hörmətlə,
çavuş Hüseynova Nərgiz.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Əziz Prezidentim. Siz öz şücaətiniz, qətiyyətiniz və möhkəm iradəniz sayəsində cinayətkarı diz çökdürdünüz. Yüksək sərkərdəlik məharətini düşmənə sübut etdiniz. Xalqımızın 30 illik Vətən həsrətinə son qoydunuz. Artıq bizim əsgər erməni cinayətkarlarını iti qovan kimi qovmaqdadır. Biz Sizi çox sevirik, cənab Prezident. Əminəm ki, Qələbə müjdəsi ilə bizim xalqı tezliklə sevindirəcəksiniz.
Yaşasın mənim Prezidentim! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Ələsgərli Jalə Rizvan qızı.
YAP Lənkəran rayon Təşkilatı Gənclər Birliyinin üzvü.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.