Çarəsiz vəziyyətdə olan Ermənistan dustaqları da hərbi əməliyyatlara cəlb etmək istəyir

Çarəsiz vəziyyətdə olan Ermənistan dustaqları da hərbi əməliyyatlara cəlb etmək istəyir
  • Cəmiyyət

  • Ermənistanın Ədliyyə Nazirliyi məhbusların hərbi əməliyyatlara cəlb edilə biləcəyi ilə bağlı məlumat yayıb. Məlumatda bəzi məhbusların bu məqsədlə onlara “könüllü” müraciət etdiyi qeyd olunur.

    LEQAL.AZ xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bunu Ermənistan ordusunun düşdüyü ağır vəziyyətlə əlaqələndirib. O qeyd edib ki, Vətən müharibəsinin ilk günündən düşmənin böyük itkilər verdiyi, işğalçının çoxlu sayda canlı qüvvəsi və texnikasının ordumuz tərəfindən məhv edildiyi məlumdur. Erməni tərəfi də itkilərinin kifayət qədər böyük olduğunu etiraf etməkdədir.

    Cəlil Xəlilov əlavə edib ki, hərbçilərimizin uğurlu əməliyyatları, çoxlu sayda yaşayış məntəqəsi və strateji yüksəkliklərin düşməndən azad edilməsi, Ermənistan ordusunun verdiyi böyük itkilər erməni hərbçiləri arasında böyük qorxu, kütləvi fərariliklə müşayiət edilir. Belə bir şəraitdə Ermənistanın Ədliyyə Nazirliyinin bu cür məlumatla çıxış etməsi rəsmi İrəvanın son dərəcə çarəsiz vəziyyətdə olduğunu, məhbusların hesabına səngərləri doldurmağa çalışdığını göstərir. Bu fakt onu göstərir ki, Ermənistan ordusunda yalnız hərbi texnika baxımından deyil, eyni zamanda, canlı qüvvə baxımından da ciddi çatışmazlıq hökm sürür. Məhz buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son çıxış yolunu məhbusları əsgər kimi döyüş meydanına göndərməkdə, vaxtilə özünün həbs etdiyi insanları silahlandırmaqda görür.

    “Ermənistanın dustaqları əsgər qismində müharibəyə cəlb etməsi işğalçı ölkəni xilas etməyəcək. Necə ki, bundan öncə müxtəlif terror təşkilatları ilə əməkdaşlıq, xaricdən gətirilən muzdlular Ermənistanı ağır məğlubiyyətlərdən sığortalamadı. Azərbaycan Ordusu elə ilk gündən sübut etdi ki, o, qarşısına qoyulan istənilən tapşırığı ən yüksək səviyyədə icra etməyə qadirdir. Bu isə o deməkdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyi, böyük, həlledici zəfəri bayram edəcəyi gün uzaqda deyil”, - deyə polkovnik vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər