Aztəminatlı ailələr, demək olar ki, bütün Avropa ölkələrində istilik sistemləri zəif olan evlərdə yaşayır. Bəzi ölkələrdə yoxsul ailələrin yerləşdiyi evlərin 30 faizindən çoxunda istilik sistemi ümumiyyətlə işləmir.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qışın yaxınlaşması ilə əlaqədar xəbərdarlığında bildirilib.
Bu il soyuq hava mövsümünün və qrip epidemiyasının koronavirus pandemiyası fonunda keçəcəyi baxımından vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. ÜST-də qeyd ediblər ki, pandemiyanın yaratdığı iqtisadi böhran nəticəsində çoxlarının iş yerlərini itirməsi və ödənişsiz məzuniyyətə çıxması səbəindən qarşıdakı qış aylarında istilik sisteminin pulunu ödəmək imkanı olmayacaq.
İstiliklə bağlı problemlər, eləcə də kənd yerlərində tez-tez rast gəlinən binaların ekoloji cəhətdən zərərli yanacaqla qızdırılması əhalinin aztəminatlı təbəqələri üçün vəziyyəti daha da ağırlaşdıracaq. Belə ki, kömür və odun kimi bərk yanacaq növlərinin istifadəsi səbəbindən havanın dəm qazı və digər yanacaq məhsulları ilə çirklənməsi müxtəlif xəstəliklərin və vaxtsız ölüm hallarının artmasına gətirib çıxara bilər. Məsələn, binaların qızdırılması və yemək bişirmək üçün ekoloji cəhətdən zərərli olan yanacaqdan istifadə edilməsi nəticəsində ÜST-ün Avropa regionunda 55 min insan həyatını itirib.
Ekspertlərin vurğuladığı kimi, bir çox ölkələr tərəfindən tətbiq olunmuş və ya tətbiq olunacaq məhdudlaşdırıcı tədbirlər və karantin rejimi sayəsində insanlar vaxtlarının əksər hissəsini evdə keçirməyə məcbur olacaqlar. Aztəminatlı ailələr üçün bu o deməkdir ki, onlar uzun müddət havası zəif istilənən və zərərli yanacaqla çirklənən qapalı məkanlarda qalmalıdırlar.
ÜST-də onu da qeyd ediblər ki, kasıb ailələr çox vaxt sıxlıqda, fiziki məsafənin qorunmasının mümkün olmadığı kiçik otaqlarda yaşayırlar. Bu da, təbii ki, yoluxucu xəstəliklərin, o cümlədən qrip və koronovirusun yayılması riskini artırır.
ÜST ölkələrin rəhbərlərini bu qışda kommunal infrastrukturun fasiləsiz işləməsini, yaşayış evlərini sərfəli qiymətlərlə adekvat enerji ilə təmin etməyə, eləcə də istilik sisteminin pulunu ödəyə bilməyən ailələr üçün dövlət dəstəyi mexanizmlərini hazırlamağa səsləyib.
Ekspertlər bildirirlər ki, pandemiya ilə bağlı əvvəllər nəzərdə tutulmuş ehtiyat və şəxsi gigiyena tədbirlərinə fərdi qaydada riayət etmək çox vacibdir. Buna görə də otaqlar mütəmadi olaraq havalandırılmalı, öskürərkən ağız boşluğu əl və ya dəsmalla, yaxud da dirsəyin bükülən tərəfi ilə örtülməli, əllər tez-tez sabunla yuyulmalı, dezinfeksiyaedici vasitələrdən və maskalardan istifadə edilməlidir.