Dünəndən sosial şəbəkələrdə Azərbaycanda unun qiymətinin qalxması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi mağazaların un satışını dayandırdığı qeyd edilir. Bakıda fəaliyyət göstərən marketlərdə isə günün birinci yarısına qədər çörəyin qiymətinin qalxması müşahidə edilməyib.
Qafqazinfo xəbər verir ki, bu məsələ ictimai şəxslər arasında müzakirə mövzusuna çevrilib və bahalaşma ilə bağlı müəyyən şərhlər verilib.
Unun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün sahibkarlar bunu xarici amillərlə əlaqələndirirlər. Bu prosesdə Tarif Şurası qərar vermir. Son aylarda dünya bazarında taxılın qiymətinin kəskin artımı beynəlxalq iqtisadçıların da diqqət mərkəzində idi. Bu gedişata əsasən bir müddətdir ki, dünya bazarında prosesin Azərbaycana təsir edəcəyi, unun qiymətinin artacağı proqnozlaşdırılırdı.
Azərbaycan dövləti son illərdə mütəmadi olaraq sahibkarlara dövlət büdcəsindən subsidiyalar ayırmaqla unun qiymətinin qalxmamasına dəstək olub.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, son dövlərdə bir sıra ölkələrdə taxılın qiyməti 30-50 faiz bahalaşıb.
Mövzu ilə bağlı iqtisadçı-jurnalist Dünya Sakit bildirib ki, Azərbaycanda unun qiyməti bahalaşması gözlənilən idi: “Dünya bazarında taxılın qiyməti kəlləçarxa çıxıb. Azərbaycan dövləti artıq neçə ildir daxildə çörəyin, unun qiymətinin artmaması üçün buğda idxalını, un və çörək satışını ƏDV-dən azad edib. Keçən ilin fevralından isə un istehsalçılarına subsidiya verilir. Belə demək mümkünsə, artıq dövlətin əlindəki vergi-subsidiya dəstəyi alətləri tükənib. Buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına yönəlik güzəşt və subsidiyaların illik həcmi 400 milyon manatdan çoxdur”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə qeyd edib ki, əslində qiyməti pərakəndə satıcılar deyil, topdan satış mağazaları və idxalatçı şirkətlər qaldırır: “Bu artımın bir hissəsini Rusiyada taxıla tətbiq edilən ixrac rüsumdan qaynaqlanır. Unun topdansatış qiymətinin bahalaşması un və un məmulatlarının, o sıradan da çörəyin pərakəndə satış qiymətini bahalaşdırır”.
Virtualaz.org qeyd edir ki, 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb. Hansı ki, bu subsidiya 58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub.
Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində daha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır. Lakin təəssüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir.
LEQAL.AZ