Tatu psixoloji problemdir, yoxsa zövq?

Tatu psixoloji problemdir, yoxsa zövq?
  • Cəmiyyət

  • “Bədənimi belə daha çox sevirəm. Bu mənim üçün bir aksesuardır. Mənə estetik gözəllik bəxş edir. Amma etiraf etməliyəm ki, bir dəfə tatu döydürdükdən sonra asılılıq yaradır. Valideynlərimi narahat etsə də, tatu etdirməsəm, özümü yarımçıq hiss edirəm”. 

    Bu sözlər bədəninin 30 faizini döymə etdirən Nicata məxsusdur. Adi "imza” ilə başlayan döymə, illər keçdikcə daha böyük tatularla əvəzlənməyə başlayıb. Təkcə Nicatda deyil, hazırda gənclərin əksəriyyəti böyük ölçülü "aksessuarlar”la bədənlərini bəzəyirlər. Artıq onlara zərif, sadə görünüşlü tatular kifayət etmir.

    Tatu ustaları da təsdiqləyir ki, son zamanlar müştərilər sadə şəkillərin əvəzinə öz psixologiyalarını, ruhlarını ifadə edən tatular döydürmək arzusundadırlar. İnsanlar hansısa aktyorda, aktrisada, futbolçuda gördüyü şəkillər əvəzinə öz xarakterlərini ifadə edən tatulara daha çox bağlı olur. Çünki bədənlərində daşıdıqları həmin şəkillər onların həyatlarını və xatirələrini əks etdirir. Bu tatular onların ən yaxın dostuna çevrilir. Kimi sevgisini, kimi nifrətini bədəninə yazdırır. Böyük ölçülü tatular sahibinin zövqünü oxşasa da, bir çox hallarda estetik görüntüyə mənfi təsir edir. Ümumiyyətlə, bunun səbəbi nədir? Tatu psixoloji problemdir, yoxsa dəbin əlaməti?

    “Kaspi” qəzetinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıb.

    Hindlilər, yaponlar, amerikalılar və Afrikadakı bəzi qəbilələr döymədən bəzək olaraq istifadə etsələr də, bir çox yerlərdə tatu xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim olaraq tətbiq edilib. Hətta bəzi qaynaqlarda deyilir ki, bədənlərə vurulan döymələr əsrlər öncə şəxsiyyəti, həmin şəxsin kimliyini, hansı qəbiləyə aid olmasını və vəzifəsini bildirirmiş. Qədim dövrlərdə qulları fərqləndirmək üçün damğa vururdular. Tatunun eradan əvvəl 2000-ci illərdə qədim Misirdə, aalliyalılarda, britonlarda, traklarda  mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada tatu barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi sayılırdı. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürürdülər.

    Psixoloq Murad İsayev deyir ki, insan heç nəyi səbəbsiz etmir. Atdığımız hər addımın, verdiyimiz hər bir qərarın daxili dünyamızda qarşılığı var. Döymə də daxili dünyamızın qarşılığıdır: "Döymənin məqsədi kənardan estetika və ya bəzək kimi görünsə də, şüuraltında sosial-psixoloji səbəblər olur. İnsan heç vaxt öz bədənində, orqanizmində yad formanın olmasını, əslində, istəmir. Sadəcə olaraq, daha çox gözəllik, maksimum yaraşıq, mükəmməlliyətçilik anlayışı insanı buna vadar edir. Sevgilinin adını, sevdiyi ölkənin simvolunu, xoşladığı heyvanı bədənlərinə döydürürlər”.

    Psixoloq vurğulayır ki, böyük tatular daha çox diqqət çəkmək üçündür: "Yəni məndə digər insanlardan daha fərqli nüans var. Bəzən qollara vurulur ki, əzələlər görünsün.  Yəni "mən varam” və "buradayam” demək məqsədi daşıyır. Bu, insanın daxili aləminin səssiz qışqırmasıdır”. Psixoloqun sözlərinə görə, bütün növ tatular psixoloji mənada kənara informasiya vermək və insanlara, ətrafa öz varlığını, gücünü, möhkəmliyini göstərmək üçün edilir.

    İnsan davranışlarını araşdıran tədqiqatçılar hesab edir ki, döymə həyat hekayəsini simvollaşdıra bilər: "Bəzi hallarda, döymələr ailə üzvünün və ya yaxın dostunun itirilməsi kimi travmatik həyat hadisələri zamanı bərpa olunmağa kömək edir. Bu, şəxsi macəra da ola bilər. Döymələri olan şəxslər ağrı qorxusunu dəf edərək özlərini daha cazibədar, güclü və özünəinamlı hiss edirlər. Bəziləri üçün döymələr dərinin altından daha dərinə gedir və dərin bir şəxsi dəyişiklik yaradır, onu ruhi cəhətdən daha güclü edir”.

    Döymənin asılılıq yaratdığını yuxarıda qeyd etmişdik. Məşhur Avstraliyalı blogger və tatu həvəskarı  Nate Jay tatu asılılığının səbəblərini açıqlayıb. Birinci səbəb adrenalin və endorfindir: "Adrenalin asılılığı olan insanlar daim tatu etdirmək istəyirlər. Çünki riskə və ağrıya qarşı bədəndən xaric olunan endorfin və adrenalin onlara zövq verir”.

    İkincisi, psixoloji ağırını tatu ağrısı ilə əvəzləmə istəyidir: "Bəzi insanlar var ki, özünü yaralamaqdan zövq alırlar. Tatu ağrısı emosional və zehni stressi aradan qaldırmaq üçün istifadə olunur”.

    Üçüncü səbəb özünü ifadə etməkdir: "Hər bir döymənin mənası var. Yəni insanın bədənindəki döymələr onun bədən dilidir. Tatu dərdlərini dünyaya çatdırmaq istəyən gənclərin bədənlərinə həkk olunmuş dilidir”.

    Ən əsas səbəblərdən biri üsyandır: "Valideynlər, məktəblər, dinlər döyməyə qarşı olduqları üçün tatuların üsyan vasitəsi olması təəccüblü deyil. İnsanların, xüsusən də, gənclərin təbiəti bunun əksini etməkdir”.

    Tatu həvəskarının vurğuladığı sonuncu səbəb terapiyadır: "Çətinliklərlə mübarizdə hamımızın fərqli yollarımız var. Bəzilərinin mübarizə üsulu tatulardır. Tatular keçmişdə edilən səhvləri təkrarlamamaq, insanlara olan bağlılığı gücləndirmək və mənfi duyğuları aradan qaldırmaq üçün edilir”.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər