Azərbaycanın qüdrətli dövlət olduğunu dünya görür

Azərbaycanın qüdrətli dövlət olduğunu dünya görür
  • Cəmiyyət

  • Hazırda Vətən müharibəsində şanlı qələbəsinin qüru­runu yaşayan Azərbaycan işğaldan azad etdiyi torpaq­larda kimsənin köməyi olmadan, öz gücünə hərtərəfli bərpa-quruculuq işləri görür və regionda sülhün bərqərar olunması yönümündə ciddi səylər göstərir. Koronavi­rus pandemiyasının bütün dünyanı sardığı indiki çətin şəraitdə ölkəmizin inkişaf templərinin aşağı düşməməsi, burada qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın çox güclü potensiala malik olduğuna sübutdur.

    Dünyanın COVID-19-dan xilasına və tərəqqi yoluna qayıtmasına sanballı töhfələr verən ölkəmiz tərəqqipərvər ictimaiyyətin diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə başlanan Qlobal Bakı Forumunun mötəbər qonaqları da bunu həvəslə vurğulayırlar. Onların bildirdiyinə görə, Azərbaycanda bir sıra nüfuzlu tədbirlərin yüksək səviyyədə təşkili həm idarəetmədə, həm siyasətdə, həm də iqtisadiyyatda və digər sahələrdə tərəqqinin göstəricisidir. Latviyanın sabiq Prezidenti Valdis Zatlers jurnalistlərə müsahibəsində bununla bağlı təəssüratını daha lakonik şəkildə ifadə edib: “Azərbaycan bütün dünyaya gücünü nümayiş etdirir. Ölkənizin həyata keçirdiyi qlobal tədbirlər bütün dünyaya nümunədir”.

    Qalib dövlətin sərgilədiyi sülhpərvər davranışlar, bəşəri problemlərin həlli naminə atdığı əhəmiyyətli addımlar həm də Cənubi Qafqazda sülh və sabitliyə nail olunmasına əngəl törədən bədxah güclərə mühüm mesajdır. Onlar BMT Təhlükəsizlik Şurasının illərcə yerinə yetirilməyən məlum qətnamələrini özünün qətiyyəti və qəhrəmanlığı ilə həyata keçirərək ərazi bütövlüyünü təmin edən və beynəlxalq reytinq cədvəllərində ön sıralara çıxan, 2019-cu ildən bəri layiqincə sədrlik etdiyi Qoşulmama Hərəkatında zəruri təşəbbüslər irəli sürən və bu quruma rəhbərliyinin müddəti daha bir il uzadı­lan Azərbaycanın uğurlarını etiraf etməli olurlar.

    Bildiyimiz kimi, bir neçə ay əvvəl dövlət baş­çımızın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr təşkil etmişdi. “COVID-19-dan son­rakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu da Azərbaycanın tarazlı siyasət həyata keçirdiyini və bütün dövlətlərlə əməkdaşlıq münasibətlərinin inkişafına çalışdığını nüma­yiş etdirir. Ölkə rəhbərimizin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın bir an belə qlobal ictimai-siyasi fəallığını azaltmadığını nümayiş etdirdi. Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınmasını da diqqətə çatdıran möhtərəm Prezidentimiz qeyd etdi ki, dünyanın amansız pandemiyaya qarşı birgə mübarizə səylərini artırdığı bir dönəmdə bölgədə təzahür edən separatçı və revanşist meyllər tamamilə yolverilməzdir. Cənab İlham Əliyev parlaq çıxışı ilə bir daha bizim sülhə və sabitliyə sadiqliyimizi konkret faktlarla əsaslandırdı.

    İnanırıq ki, Azərbaycanın mahiyyətcə sırf sülhpərvər səciyyə daşıyan, quruculuq və dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanan bütün təşəbbüsləri bundan sonra da uğurla həyata keçiriləcək və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəkdir.

    Rusif KƏRİMOV,
    Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi
    PAYLAŞ:

    Oxşar xəbərlər