Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur
  • Cəmiyyət

  • Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa, bayrağı da var. Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır.

    Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir. Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrn 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir.

    Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

    Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvələrindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq “ düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə . milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

    Lakin müqəddəs istiqlal rəmzi-Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır, milli müstəqilliyinin bünövrəsinin qoyulması isə həmin müstəqilliyi tərənnüm edən rəmzlərin qaldırılmasıdır. Bu cəsarətli addım bütün Azərbaycan xalqı tərəfindən alqışlandı, dəstəkləndi, o dövrki Azərbaycan siyasi rəhbərliyinə əhəmiyyətli təsir göstərdi.

    Biz bu gün müstəqil ölkə kimi yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir.

    Aygün Xəlilova,
     Masallı şəhər 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi.


    PAYLAŞ:

    Oxşar xəbərlər