SALYAN RAYONUNDA ŞƏHİDİN İL MƏRASİMİNDƏ MASALLI DÖVLƏT REGİONAL KOLLECİNİN KOLLEKTİVİ İŞTİRAK ETMİŞDİR

SALYAN RAYONUNDA ŞƏHİDİN İL MƏRASİMİNDƏ MASALLI DÖVLƏT REGİONAL KOLLECİNİN KOLLEKTİVİ İŞTİRAK ETMİŞDİR
  • Cəmiyyət

  • Bugünlərdə Salyan rayon Xocalı kəndində şəhid əsgər Ağamoğlan Yusif oğlu Kərimovun anım mərasimi keçirilmişdir.

    Mərasimdə Masallı Dövlət Regional Kollecinin 10 nəfərdən ibarət olan müəllim kollektivi də iştirak etmişdir.

    İl mərasimində iştirak edən və qonaqlarla səmimi görüşən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov onlara minnətdarlıq bildirmiş, vətənpərvərlik sahəsində Masallı rayon rəhbəri cənab Şahin Məmmədovun bu sahədəki gördüyü işləri alqışlamışdır. S.Hətəmov qeyd etmişdir ki, həqiqətən Masallı vətənpərvərliyi hamıya nümunədir. Şəhidlərlə bağlı elə bir tədbir olmaz ki, orada Masallının icra başçısı iştirak etməsin. Əlbəttə bu, şəhid ailələrinə böyük təsəllidir. Onların hər qayğısı bizim qayğımızdır.

    Dövlət Regional Kollecinin direktoru, «Tərəqqi» medallı Vidadi Nəzərov Salyan rayon rəhbərinin masallılar haqqında səmimi sözlərinə görə kollektivi adından minnətdarlıq bildirmişdir. Vidadi müəllim demişdir ki, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevin əmri ilə hamı kimi kollecimizin tələbələri də silaha sarıldı, Qarabağın azadlığı uğrunda döyüşə getdi və qanları, canları hesabına tarix yazdılar. Onların arasında bizim kollecin şəhid olmuş tələbələri Ağamalı Şamil oğlu Ağayev, Kənan Azad oğlu İbrahimli və Ağamoğlan Kərimov da vardır.

    Sonra kollektiv şəhidin ailəsinə baş çəkib. Məzarı ziyarət olunaraq xatirələr anılıb, ruhuna dualar oxunub.

    Qeyd etmək yerinə düşər ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ağamoğlan Kərimov 18 aprel 2002-ci il tarixdə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur.

     2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

    Azərbaycan Ordusunun əsgəri Ağamoğlan Kərimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən şəhid olmuşdur.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15, 22, 29 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Ağamoğlan Kərimov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» və «Laçının azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

    Subay idi.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    Müəllif: Əlihüseyn Şükürov.

    PAYLAŞ:

    Oxşar xəbərlər