Hadrut qəsəbəsinin düşməndən azad olunmasından bir il ötür

Hadrut qəsəbəsinin düşməndən azad olunmasından bir il ötür
  • Cəmiyyət

  • Leqal.az Vətən müharibəsi qazisi uğurlu Hadrut əməliyyatının bəzi məqamlarını təqdim edir:

    2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu daha bir tarixi uğura imza atdı. Erməni işğalında olan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşməndən azad edildi.

    Vətən müharibəsinin ilk günlərində Hadrutun azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. Çünki Hadrut, ilk növbədə, ermənilərin daha çox möhkəmləndiyi strateji mövqe olmaqla yanaşı, həm də düşmənin Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərməsi üçün mühüm bir ərazi idi. Lakin müzəffər Azərbaycan Ordusunun planlı və peşəkar əməliyyatı erməniləri cəbhənin hər bir istiqamətində məğlub etdiyi kimi, Hadrutda da darmadağın olmasına gətirib çıxardı.

    Azərtac-ın bölgə müxbiri bu günlərdə Hadrutda olub, qəhrəman Azərbaycan əsgərinin həyata keçirdiyi uğurlu döyüş planının bəzi məqamlarını öyrənib.

    Döyüşlərin qəhrəmanlarından olan Xüsusi Təyinatlı Qüvvələrin giziri, qazi Kamran Dadaşzadə düz bir il öncə qarış-qarış azad etdikləri Vətən torpaqlarında indi qürurla gəzir. O, 44 günlük Zəfər yürüşündə yaralansa da, döyüş meydanını tərk etməyib.

    Müharibənin ilk 10 günündə Azərbaycan Ordusu artıq bütün cəbhəboyu nəzarəti ələ alaraq, ermənilərin 30 illik sədlərini məhv etdiyini söyləyən Kamran Dadaşzadə vurğulayıb ki, bir çox kəndlərimiz, strateji yüksəkliklər azad olunduqdan sonra növbəti tapşırıqlardan biri də Hadrutu azad etmək idi.

    Hadrut əməliyyatının düşmən üçün gözlənilməz olduğunu bildirən həmsöhbətimiz deyib: “Əvvəlcə, Hadrut qəsəbəsinin girişinin nəzarətə götürülməsi lazım idi. Burada “Vışka” deyilən yer var. Oradan üç yol ayrılır. Həmin yollardan ermənilərə əlavə qüvvə, təminat gəlirdi. İlk növbədə, bu yolları nəzarət altına almalı idik və belə də etdik. Bax, bu gördüyünüz yerdən başlayaraq bir sıra kəndləri də düşməndən təmizlədik. Erməni hərbçiləri bizi bu istiqamətdən gözləmirdilər. Cəbrayıldan, Füzulidən gələn, eləcə də əks-istiqamətdə hərəkət edən bütün texnikalarını, canlı qüvvələrini burada məhv etdik”.

    Bu döyüşlərdən sonra hərbçilərimiz bir neçə qrupa bölünərək, dağlar arasından Hadrutun mərkəzinə, Cəbrayıl istiqamətində irəliləyib. Məqsəd isə ermənilərin əsas qüvvəsini elə Hadrutda məhv etmək idi. Çünki Hadrutun mərkəzində çoxlu erməni hərbçisi yığışmışdı. Həm də mövqe baxımından əlverişli yer idi. Düşmən buradan Füzuli və Cəbrayıla hərbi qüvvələr göndərirdi. Lakin ordumuzun taktiki gedişi onların demək olar ki, onurğa sütununu qırdı.

    Kamran Dadaşzadə bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrimiz Hadrutun Füzuli və Cəbrayıl istiqamətindən gələn yollarda düşməni pusquya salaraq onları məhv edib: “İlk pusqunu burada qurduq. Hazırda burada yol genişləndirilib, lakin ötən il bu yol dar idi. Burada düşmənin 2 ədəd UAZ, 1 ədəd “pikap”, 2 ədəd “KamAZ”, 3 ədəd “Ural” markalı nəqliyyat vasitəsini şəxsi heyəti ilə birlikdə tamamilə məhv etdik. Beləliklə, Hadrutun mərkəzinə gedən yol açılmış oldu”.

    Bu əməliyyatdan bir gün sonra – oktyabrın 9-da 44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı.

    “Prezidentimizin də dediyi kimi, Hadrut qəsəbəsi və bir sıra kəndlərin işğaldan azad edilməsi tarixi Qələbədir. Biz Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsi və uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bu torpaqları azad etdik. Xalq-Ordu-Lider birliyi sayəsində bu Qələbəni qazandıq. Qələbəmizdə şəhidlərimizin böyük rolu olub. Məhz onların qanı-canı bahasına Qarabağımız azadlığına qovuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyən qazi Kamran Dadaşzadə Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin əhəmiyyətini bir daha vurğulayıb.

    Cəbrayıl şəhərindən sonra Hadrutun azad olunması hərbi əməliyyatlarımızın uğurla davam etdirilməsi baxımından mühüm önəm kəsb edirdi. Bundan sonra əsgərlərimiz Şuşaya və Füzuliyə doğru irəliləməyə başladılar. Bu dəfə də ermənilərin gözləmədiyi yerdən. Hadrutu azad etmək Şuşa əməliyyatının uğuru baxımından da vacib idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər