BİZ BU VƏTƏNİN ÖVLADLARIYIQ

BİZ BU VƏTƏNİN ÖVLADLARIYIQ
  • Cəmiyyət

  • Vətən anamızdır. Ana vətənə xidmət etmək isə hər birimizin ən başlıca vəzifəsidir. Ümmətini ana şəfqətiylə sevən Allahın Rəsulu (salavatullah) belə buyurdu: "Vətəni sevmək imandandır." Yəni Allaha və Rəsuluna inanan, "Əhli-Beyti" və səhabələri sevib yollarıyla gedən insan, vətənini sevəcəkdir. Sevmək məcburiyyətindədir. Çünki vətən onun anasıdır. Yenə də Allahın Rəsulu (salavatullah) belə buyurdu: "Cənnət anaların ayaqları altındadır."

    Demək ki, Cənnətə gedən yolumuz da bu ana vətəndən başlayır. Vətəni bu qədər sevməkdə dəliliniz nədir desəniz, yenə də Allahın Rəsulunu (salavatullah) örnək göstərəcəyik. O mübarək Nəbi, Məkkədən Mədinəyə sürgün edilərkən, həsrət və hicran dolu baxışlarıyla, gözyaşları içərisində Məkkəyə baxar, Kəbə evini seyr edər və belə buyurardı: Ey Məkkə məni səndən zorla ayırmasaydılar mən səndən ayrılmazdım. Gələk onun məktəbində yetişən sevimli tələbəsi Həzrəti Bilala: Həzrəti Bilal Mədinədə xəstədir. Ondan dostları soruşanda ki, Ey Bilal nə istəyirsən? Onun da cavabı vətən sevgisiylə dolu olan cümlələrdir. Həzrəti Bilal buyurur ki, indi Məkkədə olmaq, o boz dağların cığırlarında yürümək və tikanların ayaqlarımı yaralayaq qanatmasını istəyərdim. Gələk vəlilərin sultanı, Allah Rəsulunun (salavatullah) qardaşım dediyi Həzrət Əliyə (əleyhissalam) görək o mübarək imam vətən sevgisiylə bağlı nə buyurur. Həzrət Əli (əleyhissalam) da buyurur ki, "Şəhərlər vətən sevgisiylə imar olar." Yəni vətən sevgisiylə bağlı dəlilləri sadalamağa başlasaq, kifayət edəcək qədər dəlillərimiz vardır.

    Bəs sual olunur, nə üçün biriləri var gücləriylə çalışırlar ki, vətən sevgisiylə bağlı olan hədisi zəif hədis hesab etsinlər. Qurani-Kərimin, birləşin! Bir olun! Güclü olun! Vəhdət edin kimi əmirlərini görməzlikdən gələrək, bizi İslamın həqiqi simasından uzaqlaşdıraraq, özlərinin boyadığı yalançı boyalarla bəzədikləri İslama dəvət edirlər. Və fürsət tapdıqları zaman isə öz tülkü simalarını gizlədərək, şir olduqlarını bildirib, güc nümayiş etdirirlər. Demək ki, bunlar Həzrət Əli aşiqi olduqlarını belə saxtakarlıqla təqdim edirlər. Əgər belə olmasaydı, Həzrət Əlinin (əleyhissalam) kəlamlarına əməl edər, "Dostun dostundur, dostunun dostudur, düşməninin düşmənidir. " kəlamına müxalif addım atmazdılar. Hamıya məlumdur ki, Erməni faşistləri bizim düşmənlərimizdir. Bu sadə düşmənçilik və ya güzəştə gedib bağışlanacaq düşmənçilik deyil. Bu qan düşmənçiliyidir. Bu can düşmənçiliyidir. Bu namus düşmənçiliyidir. Bu xəyanət düşmənçiliyidir.

    Amma əfsuslar olsun ki, özlərini İslam höküməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsalmana zülm edərək, müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar. Sizcə yenidən oturub, dərindən düşünməyin zamanı deyilmi???


    Rüfət Qarayev
    "Heydər" məscidinin imamı, İlahiyyatçı
    PAYLAŞ:

    Oxşar xəbərlər