Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib

Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib
  • Cəmiyyət

  • Avqustun 2-də, şəhid Nurlan Əbilovun 27-ci doğum günü ilə əlaqədar anadan olduğu Masallı rayonunun Şərəfə kəndində anım tədbiri keçirilib.

    Mərasimdə rayon rəsmiləri, din xadimləri, şəhidin yaxınları, digər şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak ediblər.

    Mərasim iştirakçıları əvvəlcə şəhidin boya-başa çatdığı ata evinə gəlib, qohumları ilə görüşüb, başsağlığı verərək qayğıları ilə maraqlanıblar. Sonra kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Bakı şəhəri Səbayıl rayonu üzrə qazısı Hacı Surxay Məmmədli, Vətən müharibəsi iştirakçıları Seymur Şirəliyev, Ülvi Mehdiyev, Tural Nəbiyev, Moskvada dərc edilən “Vətən çağırır” qəzetinin baş redaktoru Gülsüm Adilqızı, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, şəhid valideynlərindən Mehriban Abdurrahmanlı, Bayram və Ziba Əsgərovlar, Habil Rəhimov, Güləhməd Lətifov, Gündüz Akifzadə, Rauf Həsənov, Hafiz Qurbanov, İlham Əliyev, şəhidin iş yoldaşı Mirağa Həsənov, “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı, kənd sakinlərindən Xankişi Xankişiyev, Naidə Məmmədova və başqalarının çıxışlarında şəhidin şərəfli həyat və döyüş yolundan danışılıb, xatirələr dilə gətirilib, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edilib.

    Nurlan Əbilovu qayğıkeş, vətənpərvər kimi xarakterizə edən çıxışçılar onun vətənə sevgisindən, işğal olunan torpaqlarımızı tezliklə azad görmək arzusundan danışıblar.

    Çıxışlar zamanı vurğulanıb ki, Vətən müharibəsində qətiyyətli Liderimizin, böyük sərkərdəmizin rəhbərliyi ilə Azərbaycan Ordusunun yenilməz iradəsi, gənclərimizin vətənpərvərliyi, əsgərlərimizin məğlubedilməz əzmi bütün dünyaya nümayiş etdirildi.

    Anım tədbirində məktəblilərin ifasında şəhidlərə ithaf olunmuş seirlər, nəğmələr səslənib.

    Şəhidin layiq görüldüyü “Füzulinin azad olunmasına görə” medalı övladına təqdim edilib.

    Şəhidin həyat yoldaşı Aydan Əbilova ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıq edib.

     

    Məlumat üçün bildirək ki, Nurlan Fərrux oğlu Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Şərəfə ərazisinin Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib. Sonradan,  müharibə zamanı diplomu ailəsinə çatdırılıb. Evin tək övladı olan Nurlan ailəli idi, 5 və 3 yaşlı iki oğlu – Amin və Fərrux yadigar qalıb.

    2017-ci ilin aprelindən 2018-ci ilin oktyabr ayına qədər Şəmkirdəki “N” saylı hərbi hissədə Sərhəd Qoşunlarının tərkibində xidmət edib. Hərbi xidməti dövründə fəxri fərman və diplomlarla təltif edilib.

    Azərbaycan Ordusunun əsgəri Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.

    8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

    Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Nəşi Masallı rayonunun Şərəfə kəndində torpağa tapşırılıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Əbilov “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

     

    Akif VAQİFOĞLU,
    MASALLI


    PAYLAŞ:

    Oxşar xəbərlər