Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub

Masallıda şəhid Sübhan Həsənovun doğum günü qeyd olunub
  • Cəmiyyət / Maraqlı

  • Yaşasaydı 20 yaşı tamam olacaqdı

    Masallıda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb.

    İyulun 26-da şəhid əsgər Sübhan Həsənovun doğum günü qeyd edilib.

    Mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilən mərasimdə rayonun bir qrup ağsaqqal və ziyalısı, şəhidin doğmaları iştirak edib.

    Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyublar.

    Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli "Vətənə xidmətə görə" ordenli Ələşrəf Niftiyev Sübhan Həsənovun qısa və şərəfli ömür yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd edib. 

    “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin rayon filialının sədri Nahid Rəhimov, rayon Mədəniyyət mərkəzinin direktoru Vəkil İsmailov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev Sübhanın Vətənə sədaqətindən, Masallı övladlarının torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından söhbət açıblar.

    Vətən müharibəsi iştirakçısı Cavid Nuri, şəhidin döyüş yoldaşı Ceyhun Şiriyev Sübhan kimi qəhrəman oğullarımızın and yerimizə, ziyarət məkanımıza çevrildiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

    Şəhid Fuad Novruzovun atası Qorxmaz Novruzov, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva, Masallı şəhər “İmam Əli” məscidi dini icmasının sədri və imamı, ilahiyyat üzrə fəlsəfə doktoru Əliqulu Qardaşov vurğulayıb ki, qalib Liderimizin qətiyyəti, Ordumuzun şücaəti, şəhid və qazi olmuş igid oğlanlarımız hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

    Masallı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Cəsarət Həmidov deyib ki, Sübhan Həsənov məktəb illərində nümunəvi davranışı, yüksək etikası ilə fərqlənib: “Onun kimi şəhidlik zirvəsinə ucalan şagirdlərimiz – Rafael Abbasov, Emin Əliyev, Fuad Novruzov, Zeynal Şahhüseynlinin xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs borcudur.”

    Şəhidin atas Rauf Həsənov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıq edib, buna görə Prezidentimizə, Birinci vitse-prezidentimizə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

    Məlumat üçün bildirək ki, Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olub.

    2007- 2018-ci illərdə şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbində təhsil alıb. Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin yetirməsi kimi  dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olub.

    2019-cu ilin 30 iyul tarixində SHXÇDX-nin rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmət edib. Tovuz döyüşlərində iştirak edib.

    Azərbaycan Ordusunun əsgəri Sübhan Həsənov 27 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. 2 oktyabr 2020-ci il tarixdə Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki aydan sonra nəşi tapılıb. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbiristanlığında izdihamla dəfn edilib. 

    Ailənin yeganə oğlu olan Subhan subay idi.

    Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra «Vətən uğrunda», "Cəsur döyüşçü", “Suqovuşanın  azad olunmasına görə” medalları ilə təltif edilib.

     

    Akif VAQİFOĞLU,
    MASALLI


    PAYLAŞ:

    Oxşar xəbərlər